Yaquar yerişli zaman…

bu bir şeir blogudur

  • Top Clicks

    • None
  • Top Posts

elnur astanbəyli

Yazan elmin88 on May 18, 2008

SƏN VARKƏN UNUDULMAQ
   
   bu gün bir başqa gün
   ya mənə elə gəlir
   günəşli gün amma
   havada yağmur qoxusu var
   adamlar sevincli və qayğısız
   küçələr işıqlı və təmiz
   hələ bu dəniz
   daha şıltaq daha parlaq
   sən də bir başqasan bu gün
   ya mənə elə gəlir
   gözlərin daha gülümsər
   saçların daha əsmər
   mənsə həmişəki kimi -
   sənə ümidli, sənə yorğun…
   


   bu gün bir başqa gün
   ya mənə elə gəlir
   tanımadığım üzlər belə doğma
   başdaşı yazıları belə nəşəli
   hər kəs o qədər mutlu hər şey o qədər gözəl
   depressiyaya düşməyə
   bircə səbəb tapa bilməzsən
   sanki nə iraqda günahsız uşaqlar ölür
   nə də zalım diktatorlar var yaxında-uzaqda
   sən də bir başqasan bu gün
   ya mənə elə gəlir
   gözlərin daha gülümsər
   saçların daha əsmər
   mənsə həmişəki kimi -
   sənə ümidli, sənə yorğun
   
   bu gün təqvimdə adi gün
   amma mənimçin bir başqa gün bu gün
   hər şeyi açıq söyləməyin zamanı gəldi
   bu gün mənim ad günüm
   kimsədən təbrik, hədiyyə-filan gözləmirəm
   kimsə təbrik etmədi
   hədiyyə göndərmədi də zatən
   sən varkən
   beləcə unudulmaq xoşuma gəldi
   ondan bu qədər gözəl hər şey
   ondan bu qədər sevincliyəm
   
   bu gün bir başqa gün
   amma mən bu günü təkbaşıma
   yaşayamam
   
   oktyabr, 2007
   
   Şərhsiz
   
   ilk dəfə öpüşdüyümüz yerdə
   göydələn tikirlər, sevgilim,
   biz hələ kirayələrdə…
   
   fevral, 2007

   Subyektiv
   
   nə qədər ki küçədəki qadınlar
   həyatımızdakı qadınlardan çoxdu,
   deməli,
   dünyada “ilahi ədalət” deyilən şey
   yoxdu yoxdu yoxdu!
   
   avqust, 2007
   
   
   Cavab SMS-i
   
   sən olmayanda heç nə olmur
   nə gün doğur nə qar yağır
   çəkdiyim siqaretlərin acısı
   içdiyim şərabların dadı olmur
   bəlkə də bir az şablon çıxır,
   amma
   mən indi çox səmimiyəm -
   sən olmayanda
   yaşamağın belə adı olmur!
   içimdə hər gün daha da coşan
   qəzəb və mübarizə hissi -
   yaptokratiyaya qarşı,
   sən olmayanda o da olmur…
   
   sən olmayanda heç kim olmur
   dünya boşuna gibi
   ağzınacan dolu metro qatarında
   ayağımı boşluq tapdayır
   çiynimə boşluq toxunur
   hələ evdə, hələ evdə
   dibinəcən boş araq şüşəsi
   içi sənsizliklə dolu…
   
   sən olmayanda daha nə olmur
   heç yer olmur
   gəzməyə qərib ölkə
   ölməyə vətən olmur
   bir də… bir də…
   bir də qalın geyinməyə bəhanə olmur -
   üşüyürəm!
   
   noyabr, 2007
   
   
   Kim bilir…
   
   ”biri vardı, biri yoxdu” -
   bəlkə də bütün nağıllar
   bundan sonra bitməliydi
   və
   bəlkə də bütün nağıllar
   göydən üç alma düşəndən sonra başlamalıydı
   
   kim bilir bəlkə onda
   nə terror, nə ozon deşiyi
   nə nüvə başlığı, nə quş qripi
   nə də inflyasiya təhlükəsi olardı
   
   kim bilir bütün nağıllar
   başladığı yerdə bitsə
   bitdiyi yerdə başlasa
   indi nə qədər sakit və xoşbəxt idi insanlar!
   
   fevral, 2008
 

  Qeyri-legitim xalq
   
   indiki kimi yadımdadı,
   illər öncə Əkrəm Əylisli
   ”Avropa” qəzetinə müsahibə verib demişdi:
   ”mən Maqsud İbrahimbəyovu
   iki dəfə deputat seçən
   Azərbaycan xalqı tanımıram”
   
   indi mən hansısa qəzetə
   müsahibə verməli olsam
   qırmızı hərflərlə və 72-lik şriftlərlə deyərdim:
   ”mən Əkrəm Əylislini
   heç bir dəfə də deputat seçən
   Azərbaycan xalqı tanımıram!”
   
   may, 2008
   
   
   Murdar
   
   (sevimli pişiyə)
   
   düş, Murdar, qucağımdan düş
   mən indi sənlə oynayacaq halda deyiləm
   nə küçə itlərinin hürüşməsi
   nə qonşu qızlarının gülüşməsi
   məni mutlu etməyə yetməz
   düş, Murdar, qucağımdan düş,
   mən indi heç kimə lazım deyiləm!
   
   mən indi heç kimə lazım deyiləm
   telefonum ondan qapalı
   gözlərim ondan kədərli
   fikrim ondan qarışıq
   emailimdə bir təzə məktub belə yox
   köhnə məktubları isə oxuyacaq halda deyiləm
   düş, Murdar, qucağımdan düş,
   mən indi səninlə oynayacaq halda deyiləm
   
   mən indi kimisə yola salmaq
   kimisə qarşılamaq istəyirəm
   kiminsə qəlbinə dəymək
   kimisə bağışlamaq istəyirəm
   sevmək istəyirəm, başa düşürsən,
   sevilmək istəyirəm
   sevib atmaq istəyirəm, başa düşürsən,
   sevilib atılmaq istəyirəm
   amma bu imkansız indi
   indi mən heç kimə lazım deyiləm
   
   bilirsənmi, Murdar,
   bu gün mən çox düşündüm
   düşündüm və bir daha əmin oldum ki,
   əgər sən bu xaraba ölkədə
   saxtakar müəllim, rüşvətxor həkim,
   ələbaxan polis, ədalətsiz hakim,
   buyruqqulu məmur, yaltaq şair deyilsənsə,
   deməli, heç kimə lazım deyilsən!
   amma qızımın gözləri qoymur məni
   saxtakar, rüşvətxor, yaltaq olmağa
   çox düşündüm, Murdar,
   bir az da sən məni düşün, düş…
   
   düş, Murdar, qucağımdan düş,
   kədər öldürür məni,
   əllərimi qoynumda çarpazlamaq istəyirəm,
   mane olursan, düş…

   
   may, 2008

Cavab qoy

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <pre> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>