Yaquar yerişli zaman…

bu bir şeir blogudur

  • Top Clicks

    • None
  • Top Posts

aqşin

Yazan elmin88 on Mart 13, 2008

İnsanın dini deqradasiyası

Dünyanın ilk inşaat işində
Nuhun gəmisinin tikintisində
Yıxılıb ölən qədim insan
İlk fəhləliyin, yəni yıxılıb ölməyin əsasını qoydu.
O vaxta qədər insan yıxılıb ölmürdü
İnsan ölüb yıxılırdı.
Nuhda fəhləliyə başlayan insan
Məhəmməddə qolubağlı qul idi.
Dörd yanımı atlı düşmən bürüdü.

Günortanın istisində saksafon

Nəfəsli musiqi alətlərində ifa olunan mahnılardan
Zəhləm gedir.
Bu mahnılardan
İfaçı kişinin ağzının pis qoxusu gəlir
Qulaqlarıma.

Nəsrin poeziyası

De ki, ” ey, ana – bacıya yazılan
mısmırıqlı şeirlərlə silahlanmış
bığlı paytaxt tamadası,
Ey çin aləminin avtoriteti -
ağzını marçıldada – marçıldada
cənnət həzzindən dəm vuran
yastı-yapalaq din xadimi,
Ey ət dükanının üstünə
ƏT sözünü böyük hərflərlə yazıb
həyatda yerdə qalan bütün şeylərin
bu şəhərin sakinləri üçün
nə qədər kiçik olduğunu
sübuta yetirən şanlı qəssab,
Ey bakirəliyi güllə keçirməyən
otuz beş yaşlı şərqli qız,
Ey milçəklərin qanadını yolub
üstlərinə tüpürən,
onları tüpürcəyində boğan
vağzal kafesində gözümlə gördüyüm fahişə”,
De ki, “səndən soruşuram,
heç bilirsənmi Bakı sakini nə üçün
bu qədər keçmişdən, tarixdən ötrü ölür,
əldən ayaqdan gedir?.
De ki, “bilmirsənsə, demək kinli Bakı küləyinin
bu tarixi şəhərin küçələrində tələsən,
qaraqabaq adamları
sinəsindən basaraq
geriyə itələdiyini görməmisən,
ya da özünü görməməzliyə vurmusan”.
De ki, “bu qoca külək heç kimi
qabağa, gələcəyə getməyə qoymur,
yolunu kəsərək hamını geriyə,
keçmişə qaytarmaq istəyir”.
Sən bu xalqa qoşulma, sevgilim!
Sən geriyə qayıtma!
Sən keçmişə dönmə!
Sən bu gün ol!
Sən burda ol! Sevgilim!

İlahi ədalətin tənqidi

Kişinin ağlamağı uzun bir “ı” hərfinə bənzəyir
Ən əzablı ağlamaq növüdür “ı”!
İntihar məşqləri etməyə başlamışam son günlər
Əlimi tapança kimi tutub
Atəş açıram gicgahıma və ölümqabağı qışqırıram:
“necədə daş ürəkli insanlarsınız,
Sizin ürəklərinizdə ancaq bıçaq sürtüb itiləmək olar!
Tanrı?
Nə tanrı?
Tanrı peşəkar və ədalətli olsaydı,
Pələngə də, çeyrana da eyni sayda ayaq verməzdi,
Qaçanın ayağının sayını qovanınkından çox edərdi.
Açmayın gül ağzımı,
Canlılar ətrafımızda bir-birinin ətini, həyatını yeyirsə,
Ən son model canlı olan insan da
Qocalırsa,
Ölürsə,
Həyat peşəkarların yox, həvəskarların uydurmasıdır.

Özünüreklam

oktyabrın 29-da
Pencəyimin yaxalığını qaldırıb şəhəri dolaşıram
Bu gün üçüncü dəfədir ki,
Məscid minarəsinin kəlləsindən azan oxunur
Üçüncü dəfədir ki, allahın tək olduğunu eşidirəm
Bu qədər özünüreklam
Böyük qüdrət sahibinin nəyinə gərəkdir görəsən?
Yuxarıdakıların səsinə nifrət edirəm bu gündən!
Mən aşağıdakıların,
aşağıdakıların səsini
eşitmək istəyirəm!

Pivə içərkən

Söhbət orda məndən gedirsə,
qoy özüm də danışım,
Mənə bu dünyada bircə şey qalacaq,
Dostlarımın üzündə uzaqlara baxmağım.

Tanrıya SMS

Əziz tanrım,
“Kafirlər” sənin qarşında günahkardır
“Möminlər” bizim.

Şairlə adi insanın fərqi

“Bakı-Qazax” qatarının pəncərəsindən baxanda
Uzaqda, üfüq xəttində qum daşıyan yük maşınları
O qədər xırda görünür ki,
Onları
Balaca dağları dalına alıb aparan
qarışqalara bənzətməmək
İnsanın gönüqalınlığından xəbər verir.

Cavab qoy

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <pre> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>