peter turrini
Yazan elmin88 on Mart 9, 2008

Tərcümə Ağalar Məmmədov
Kafedə oturub
sən mənə
sevgiyə dair
təsəvvürlərini
yazırsan.
Ən mühüm olan şeyin
səmimiyyət və sədaqət
olduğunu.
Mən hazıram
sənin təsəvvürlərinlə
tam razılaşmağa
ancaq bircə
sənin dizin
mənimkinə sürtünməyə
son qoymasa.
***
Bir baxışla
mən səndə
o qədər çox gözəllik
o qədər çox ürkəklik
o qədər çox şıltaqlıq
o qədər çox cəsarət
görürəm ki.
Bir baxış da risk etsəm
ilk dəfə nəyi görəcəm?
***
Sən mənə zəng edəndə,
telefon səslənir.
Lampalar səslənir.
Soba səslənir.
Otaq səslənir.
Pəncərəmdən görünən
mənzərə səslənir.
İntizardan
xilas zəngləri səslənir.
***
Əgər sən gedirsənsə,
mən hər şeyini istəyirəm:
pıçıltını
tapıntını
fədakarlığını
çılğınlığını
çığırmağını
nəfəs almağını
qalmağını
yarı yuxulu olmağını
vaxtını.
Əgər sən qalırsansa,
mən heç nə istəmirəm.
***
Dünən mən
heç sərtləşdirə bilmədim.
Srağagün də.
Daha srağagün isə o,
olsa-olsa yarımsərt idi.
(Nə olsun ki)
Axı sevgi də yumşaq,
mülayim bir şeydi.
***
Mən anlayıram
sən həmişə nəyi niyə istəyirsən.
Mən anlayıram
ki, sən bu gün mənnən yata bilmirsən.
Mən anlayıram
ki, sən məni aldadırsan.
Mən anlayıram
ki, sən indi tək olmaq istəyirsən.
Mən anlayıram
ki, sən məni anlaya bilmirsən.
Mənim anladıqlarım
sənin üçün çox geniş idi.
Mən bu genişliklə
səni sıxırdım.
***
Mən istərdim
düşmənlərimi
ta o vaxtacan sevim ki,
onlar mənim sevgimdən
məhv olsunlar.
Mən istərdim
sevgilimi
ta o vaxtacan bağışlayım ki,
o öz pis adamlığından
məyus olsun.
Mən istərdim
dostlarıma
ta o vaxtacan kömək edim ki,
istedadsız olduqları
onlara aydın olsun.
Mən istərdim
bütün vasitələrlə
yaxşı bir adam olum.
***
Mən sənə zəng edəndə
səni dinləmirəm.
Mən səni yanıma gətirəndə
səni kənara itələyirəm.
Mənim sənə ehtiyacım olanda
sənə ehtiyac duymuram.
Sən həmişə oradasan
haradakı mən yoxam.
***
Əgər mən
sənnən yatammıramsa
sən bunda mənim
zəifliyimi görürsən.
Əgər sən
mənnən yatammırsansa
mən bunda sənin
rəddini duyuram.
Bütün hallarda
sən daha güclüsən.
***
Hər fikir
həm yalandır, həm doğru
Hər həsrət
həm sənə aiddir, həm başqasına.
Ən məhrəmim
həm sənsən, həm təkcə sən deyilsən.
Mənim özüm
burdadı və ordadı
Mənim sevgim
ordadı və burdadı.
***
Yazılmamış məktub:
ən səmimi xitabla başlayar.
İşdən danışar.
Sözü bitirməyə çalışar.
Ayrılmaqdan söz salar.
Dostluq təklif edər
və ən dərin bağlılığına
əmin edərək qurtarar.
***
Bir qədəh şampanla
biz yenə doğmalaşırıq
və dərdləşirik
və ağlayırıq
və mən özümünkünə xəyanət edirəm
və sən də özününkünə
və biz xoşbəxtik
və yalançı
(və) həmişə olduğu kimi.
***
Hər (bir) insan
bir insandır
və ya(xud) iki insan
və ya(xud) üç insan.
Mən bütün vəziyyətlərdə
çoxlu insanlaram.
***
Sən otağa fırtına kimi girirsən
və qışqırırsan:
mənə nə qədər nifrət etdiyini
Mən də mənə/özümə.
Biz bunda birləşirik:
heç olmaya bu nifrət
bizi bir az yaxınlaşdıra bilməzmi?
***
Son günlərdə
deyirsən ki,
ürəyin daşlaşıb
və sən onu köksündən qoparıb
mərmər döşəməyə atırsan
və o, parça-parça çiliklənir.
Ehtiyatlı ol.
Axı mən sənin ürəyinin
bir parçasın tapdaya bilərəm.
***
Psixiatrdan ayrılarkən
köhnə bir tanışımla
rastlaşıram.
Mən ona
dəli olmuş dostumdan
danışıram
indicə mən onu içəridə yoluxmuşam.
***
Qoyuram başımı ayaqlarına
oxşayıram qıçlarını uzununa
yalayıram göbəyinin qıraqların
oynayıram döşlərinlə
tumarlayıram boynunu-boğazını
sayıram üzündəki qırışları
üfləyirəm qulağına nəfəsimi
və arzulayıram sənə
əziz ana
hər şeyin ən gözəlini
analar günü münasibətilə.
***
Mən kinoya baxıram
və sən mənnən deyilsən.
Mən başqa bir şəhərdəyəm
və sən mənnən deyilsən.
Mən təzə ayaqqabı alıram
və sən mənnən deyilsən.
Mən dənizə tamaşa edirəm
və sən mənnən deyilsən.
Mən sənnən rastlaşıram
və sən mənnən deyilsən.