günel mövlud
Yazan elmin88 on Mart 9, 2008

Şahvələd üçün silsilə
Klaviatura 1
Nəhəng bir kişidi bu dünya
Mən
Ona gərək deyiləm
Amma məni bu yox
Pəncərənin o tayında
Yağışın
Çirkli gölməçəsində
Əllərini yuyan
adamın
Halına baxıb
Təsəlli alacaq qədər
Gücsüz olmağım ağrıdır
Bu sərnişin avtobusunda
Anasının qucağında oturub
Əlindəki çörək dilimini
Dişsiz damağı ilə çeynəyən
Uşağın gözləri olmasaydı
Hönkürərdim
Gücüm
Gözlərimi ondan ayırmadan
Səssizcə ağlamağa çatır
Özümü
Bir körpəni belə
Qucağıma ala bilməyəcək qədər
Çirkli və günahkar saydığım bu ölkədə
Məni sevə bilmək üçün
Bircə səbəb göstərə bilsəydim sənə
Bəlkə də
Əllərini bilgisayarın
O qaramat düymələrindən ayırıb
İlan kimi mənə sarılardın
Mənsə sənin qarşında dayanıb
Həmin bir barmağımı qatlaya bilmirəm
Çünki burada
Tam xoşbəxtlik üçün
Təkcə yaxından gələn
Bir cırcırama səsinin çatışmadığı həyatı
Kimsə yaşaya bilməz
Kimsə
Bu dünya
Nəhəng bir sənsən
Mən
Sənin qarşında gücsüzəm
Klaviatura 2
Sən mənə
Bir qarının
Masasının üstündəki yarımçıq limonla
Qəndqabındakı bərk konfetlərin
Gətirdiyi kədər
Ayaqlarımdakı sızıltıya
Və içimdəki zəhərə qarışdığı vaxt
Məni öldürdüyü vaxt
Gərək idin
Sən mənə
Hər gecə
Dişlərimin ovulduğu
Dəmir əllərin sümüklərimi
Qarış-qarış sındırdığı
Qırmızı şeytanın
Saçlarımı sığalladığı yuxulardan
Qan-tər içində oyandığımda
Gərək idin
Sən mənə
Ruhumu küləklərə döydürmək üçün
Qapını çırpıb
Küçəyə çıxmaq istəyəndə
Evdəki adamlardan
Küçədəki adamsızlıqdan
Qorxanda
gərək idin
Sən mənə
Dörd divar arasında hövllənib
Pəncərəni açaraq
Damda çırpınan
Çöl quşlarına
Həyətdə gəzişən
Küçə pişiklərinə
Pəncərəni örtub
Ev əşyalarına
Sığındığımda
Gərək idin
Sən mənə
Üzümü sinənə
Başımı çiyninə söykəmək üçün gərək deyildin
Sən mənə
Acı bir dərmanı udanda
Çırpına-çırpına axtardığım
Bir qurtum suya oxşadığın üçün
Gərək idin
Mən acı bir ömrü
Sənsiz udurdum
Səni indi neyləyim?
Komandante…
Klaviatura 3
Günay,
O bu şəhərdə yoxdu
Mənə elə gəlir ki
Gördüyüm
Ağaclar
Otlar
Evlər
Adamlar
Heç biri özü deyil
Hər şey-sünidi Günay,
Hər kəs – özünün müqəvvasıdı
İndi gözümdə
Heç nəyin canı olmayan şəhərdə
Mən bu qoca gözlər
Bu kobud əllər
Bu yorğun bədənlə
Tək qalmağa qorxuram
Günay,
İndi gecənin
Qadın əlləri
Kişi alınlarının tərinə batdığı
Sonra
Bu duzlu ovucların öpüldüyü
Vaxtıdı
İndi
Bir siqaretə
Azacıq qızınmaq istəyi
Hesablayıb
Bir az da darıxmağını öldürmək istəsən
Bunlar azalmadan bitər
Doymadığın tüstü
Günay,
İndi o bu şəhərdə yoxdu
Səhərin bu vaxtında
Qələbələr mənasız
indi
Sevgilərin sevindirmədiyi
Xəyanətlər və polis dəyənəklərinin
Ağrıtmadığı vaxtdı…
Bir devrimin fərqinə varmaz
Mənim kimi keyimiş bu şəhər
Bir az əvvəl
Qalib bir ordu əskərinin
Məmnun yorğunluğu vardı bədənimdə
İndi
Məğlubiyyət türküsü oxuyuram
Asta səslə
İndi ona demək istədiklərimi sənə
Deyə bilirəm…
Günay,
Mən onu daha çox sevdikcə
Daha çox susmaq istəyirəm
sabuhi said
Olmek isteyirem chare budur bax
Ancaq seni tenha qoya bilmirem.
V.SHEKSPIR
Salam Gunel Xanim siz bir bilsenizki men sizin sherler neqeder sevirem…
bu mene bes ederdi.
Herden agladirsan..
yandirma qelbimizi