rasim qaraca
Yazan elmin88 on Mart 9, 2008

Birlər
qopduğunuz budaqları unudun getsin
pərişan xəzəl qardaşlarınızı
əsla
*
sürməsi göz yaşına qarışmış
həyatı pozuq
canlı
*
balıqlar
bizdən daha kamil -
hər şeyi danışıb qurtarıblar
*
istər sarı saçlı
istər qara…
ölüm -
o şorgöz
toxunacaq onlara
*
unutma
“könlüm” kəlməsində də
bir “ölüm” var
*
vurulan quşlar
yenə
öz köçəriliklərindən qalmazlar
*
gözəl qızlar
köçüb getsə bu şəhərdən
hər şey cəhənnəmə
küləklər
yetim qalacaq
*
qız elə beləcə də dedi:
“bir qram da üşümürəm” -
nə qədər güclü olur insan
üşüməsi qramla ölçülən
bir canlıyla yanaşı addımlarkən
*
üzündə yaltaq təbəssüm
şişman qarınlı ay -
batıb çıxmaq kimi
bir ikiüzlülüyü var
*
nə qədər yoxluq çəkdi
qışdan çıxana qədər bu ağaclar
artıq
bahar gəlməsə də olar
*
budağından qopub yerlərə döşənmiş
üstündən yağış döymüş
bu yarpaqların altında
bir canlı var -
sükut
*
qocalar
günəşə çıxırlar -
ölüm onları tapa bilməyəcək
bu işıqlıqda
*
həyat -
sonsuz miqdarda ağ rəngə
bir o qədər qara rəng qatılarkən
nə alınarsa
*
dodaqların kədərə qapıldığı yerdən
açıldı indi
sevgililər
*
ürəyimin qaysağı qopsa
zaman özü
axıb töküləcək
*
hətta
yol qırağındakı mal təsəkləri -
kənddə ona “çəməngül” deyirlər -
insanı keçmişə qaytara bilər
*
arılar üçün açmışdı çiçək
ancaq haradan bilsin
qoltuq ağacına izolent sarınmış bu qarının da
xoşuna gləcək
*
dolub – dolub daşmaq varkən
dolub – dolub boşalmaq
yox
Sultan Mərzili said
Hörmətli Rasim bəy!
Siz indiki ədəbiyyatımzıda həm yazılarınızla həm də ictimayi işlərinizlə tanınmış,yaradıclığı formalaşmış bir ədəbiyyat adamısınız. Yazıılarınızın geniş təhlilə də ehtiyacı var. Amma bir-iki, məsləhət və fikir də demirəm, düşüncələrimi bölüşmək istərdim.
Çin minətürləri kimi qısa, yığcam, aforizm şəkilli və lirik düşüncələr əslində heç bir formaya da ehtiacı olmayan poetik materiya kimi elə özlüyündə oxunaqlı, maraqlıdır.
Mən bir tənqidçi, şair və s. baxımından deyil, az-çox ədəbiyyat anlamı və zövqü olan bir oxucu kimi rəğbətim olan müəllifin diqqətini bir səmtə çəkərdim. “arılıar üçün açmışdı çiçək” sətiri ilə başlayan şeirdə “qoltuq ağacına izolent sarınmış bu qarının da xoşuna gələcək” qarşıqoymada “çiçək – qarı” poetik təzad yaradır,”qoltuq ağacı” bu təzadı daha da gücləndirir, lakin “izolent sarınmış” ifadəsi isə bu səhnənin əyaniliyini nisbətən gücləndirsə də estetik cəhətdən dəyəri aşaldır. “izolent” yabançı sözü qarının kasıblığını əyaniləşdirsə də estetik məna yükünü artırmır.Oxşar mülahizəni “mal təzəyi” haqqında da demək olar. Görkəmli ingilis fiziki Maykl Faradey tövsiyyə edərmiş ki,əsl alim elmdə yarımfabrikatlar qoymamalıdır. Bu həm də o mənada deyilib ki, başqası sənin zəhmətinlə yaratdığına asanca şərik çıxmasın. Məncə eyni qayda şeir üçün də doğrudur. Yəni sənət adamı peşəkarlıq baxımından hər yetənin istifadə edəcəyi, həm də irad tuta biləcəyini gözdən qaçırmamalıdır. Həvəskarlara belə şeyləri bağışlamaq olar, peşəkarlar isə ona ikan verməməlidir.
“ürəyimin qaysağı qopsa
zaman özü
axıb töküləcək”. Poetik lövhədir. Müxtəlif variantlarda paralelləri və davamı da ola bilər. Əli Kərim demişkən, əsl şeir odur ki, qələmi adamın yadına salır. Sizə yaradıcılıq uğurları arzu edirəm. Yeni şeirlərinizi gözləyirik.
Hörmətlə, Sultan Mərzili. Moskva.